Dambrauskas: “Orhus”a qalib gəlmək istəyirik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Orhus”a qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Danimarka çempionları arasındakı ilk oyun sabah Randers şəhərində baş tutacaq.

Valdas Dambrauskas bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında güclü rəqibə qarşı çıxış edəcəklərini bildirib:

“Danimarkada olduğumuza görə çox şadıq. Hər məşqçinin arzusudur ki, ən azı Çempionlar Liqasında bu mərhələyə qədər gəlib çıxa bilsin. Sabahkı qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Rəqibimizi çox yaxşı təhlil etmişik. Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Rəqibin zəif və güclü tərəflərini bilirik. Çalışacağıq ki, biz öz gücümüzdən istifadə edək və səfərdə qələbə qazanaq. İnanıram ki, futbolçularım ən xırda tapşırığı belə düzgün icra edəcəklər”.

Litvalı mütəxəssis qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsindəki potensial rəqibləri barədə də danışıb:

“Çempionlar Liqasındakı potensial rəqiblərimizi də artıq bilirik. Lakin onlar barədə indidən danışmağın mənası yoxdur. Hazırda bütün fikrimizi “Orhus”la matça yönəltmişik. Rəqibimizə hörmətlə yanaşırıq. Onlar son Danimarka çempionudurlar”.

Sabah Randers stadionunda baş tutacaq “Orhus” – “Sabah” matçına Bakı vaxtı ilə saat 20:30-da start veriləcək. Komandalar arasındakı cavab matçı avqustun 11-də “Masazır Arena”da təşkil olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: