Zamiq Əliyev Avroliqa matçında 69 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində Avropa Liqasının oyununda iştirak edib.

Arena.az xəbər verir ki, “Eqnatiya” Avropa Liqasının 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Şemrok Rovers”in (İrlandiya) qonağı olub.

İrlandiya klubu doğma meydanda 3:1 hesablı qələbəyə sevinib. Zamiq bu matçda meydana start heyətində çıxıb və 69-cu dəqiqədə – bütün qollar vurulandan sonra əvəzlənib.

Xatırladaq ki, Əliyev hərbi xidmət məsələsi ilə əlaqədar bir müddət idi Azərbaycanı tərk edə bilmirdi. 25 yaşlı müdafiəçi daha sonra bu problemi həll edərək gec də olsa, komandasına qoşula bilmişdi. Amma o, Albaniya çempionunun UEFA Çempionlar Liqasındakı oyunlarında iştirak şansını qaçırmışdı. Hazırda isə “Eqnatiya” mübarizəni Avroliqada davam etdirir.

Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 77 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə 2 dəfə Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: