“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Orhus”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Danimarka çempionları arasındakı ilk görüş bu gün Randers şəhərində baş tutub və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Valdas Dambrauskas komandasının ÇL-dəki ilk məğlubiyyəti barədə matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Bu gün bizim üçün çox çətin oyun oldu. Hesabda 0:2 geriyə düşdük, daha sonra fərqi azaltdıq. Bərabərlik qolunu vurmaq üçün ard-arda hücumlar təşkil etdik. Rəqibə təzyiq edən tərəf biz idik. Bu görüşdə heç-heçəyə layiq idik. Rəqib komanda iki möhtəşəm qolla qələbə qazandı. İlk oyunda qaçırdığımız qol epizodlarını cavab matçında dəyərləndirmək istəyirik. Bir top fərqlə geridəyik və mərhələni keçmək üçün şansımız var”.
Xatırladaq ki, bu komandalar arasındakı cavab matçı avqustun 11-də Masazırda keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək.


