“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna komandaları arasında bu gün Polşada baş tutmuş ilk oyun Ağdam təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:
“Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq. Onlar çox yaxşı müdafiə olundular və sürətli əks-hücumlara çıxırdılar. Sürəti, dinamikanı qaldırmaq lazım idi. Bəlkə də hava şəraiti buna imkan vermədi. Həddindən artıq isti idi. Futbolçuların üzərinə çox getmək istəmədim. Bakıdakı cavab görüşünə hazırlaşacağıq. Bunun üçün 5-6 gün vaxtımız olacaq. Matçı tam analiz edəcəyik və növbəti oyuna hazırlaşacağıq”.
Xatırladaq ki, bu komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Oyuna saat 20:00-da start veriləcək.


