Namiq Ələsgərov “Zirə”yə lazım olmadı

“Zirə” 2026/2027-ci illər mövsümünün startı ərəfəsində daha bir futbolçusu – yarımmüdafiəçi Namiq Ələsgərov ilə də yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Namiq Ələsgərov 2025-ci ilin yayında “Zirə”yə qoşulmuş və 2+1 illik müqaviləyə imza atmışdı. Amma o, bu komandada əsas heyət üzvünə çevrilə bilməmişdi.

Ələsgərov daha öncə “Neftçi”, “Qarabağ”, “Bakı”, “Kəpəz”, “Sabah” və “Bursaspor” kimi klublarda da forma geyinib.

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Namiq 2015-ci ildən formasını geyindiyi əsas millimizdə 39 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub.

“Zirə” daha öncə Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov, Fuad Bayramov, Brahim Konate və Əkbər Eyyubovla da yollarını ayırmışdı. Gedənlərin əvəzində Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov, Vieyrinya, Hüseynəli Quliyev, Kris Diqbeu, Dameyn Smit və Lue Bayere heyətə cəlb ediliblər. Eren Aydın, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə də yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: