İrvinq Losano “Los Anceles Qalaksi”yə keçdi

“San Dieqo”da çıxış edən meksikalı vinger İrvinq Losano Amerika Birləşmiş Ştatlarınının (ABŞ) digər klubu “Los Anceles Qalaksi”yə keçib.

Arena.az bu barədə “Los Anceles Qalaksi” klubunun rəsmi saytına istinadən xəbər verir.

31 yaşlı futbolçu “San Dieqo”dan icarə əsasında Kaliforniya təmsilçisinə qoşulub. Müqavilə 2026-cı ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub. Razılaşmada mövsümün sonunda futbolçunun transfer hüquqlarının tam şəkildə alınması ilə bağlı seçim də yer alıb.

Losanonun “Los Anceles Qalaksi”yə keçidi onun “San Dieqo” rəhbərliyi ilə uzun müddət davam edən fikir ayrılığına son qoyub.

Futbolçu 2025-ci ildə “San Dieqo”nun MLS-dəki debüt mövsümündə özünü yaxşı tərəfdən göstərib. O, 31 oyunda 11 qol vurub və 11 məhsuldar ötürmə edib. Lakin payızda məşqçilər korpusu ilə yaşanan münaqişədən sonra Losano komandadan kənarlaşdırılıb. “San Dieqo”nun idman direktoru Tayler Hips açıq şəkildə bildirib ki, vinger klubun gələcək planlarına daxil deyil. Buna görə Losano uzun müddət fərdi məşqlər edib və hətta Meksika millisindəki yerini də itirib.

Transfer prosesini futbolçunun yüksək maaşı – ildə 9 milyon dollardan çox – və müqaviləsində onun şəxsi razılığı olmadan dəyişdirilməsinə icazə verməyən bəndin olması çətinləşdirib.

“San Dieqo” rəhbərliyi futbolçu ilə qısa şəkildə vidalaşaraq tərəflərin Losanonun yenidən futbol meydanına qayıtmasına imkan verəcək optimal həll yolu tapmaq üçün səylə çalışdığını bildirib.

Xatırladaq ki, İrvinq Losano “Paçuka”nın yetirməsidir. O, “Titanes”, PSV və “Napoli” kimi klublarda da çıxış edib. Sol vinger Meksika millisində 75 oyuna çıxıb, 18 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: