“Volfsburq”un mərkəz hücumçusu Dzenan Peyçinoviç bundan sonra Almaniyanın digər klubu “Ştutqart”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Ştutqart”ın rəsmi saytına istinadən xəbər verir.
21 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulmuş 5 illik müqavilə imzalanıb. “Ştutqart” bu transfer üçün “Volfsburq”a 25 milyon avro ödəyib.
Əslən Monteneqrodan olan Dzenan Peyçinoviç futbola “Bayern”də başlayıb. “Auqsburq” və “Volfsburq”un da akademiyalarından keçmiş futbolçu icarə əsasında Düsseldorf “Fortuna”sının formasını geyinib. O, “Volfsburq”un əsas komandasının heyətində 39 oyun keçirib, 12 qol vurub, 1 məhsuldar ötürmə verib.
Vaxtilə Monteneqronun U-15 yığmasında çıxış etmiş Peyçinoviç sonradan Almaniyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.



