“Lans” futbol üzrə Fransa Super Kuboku uğrunda keçirilmiş həlledici oyunda PSJ-ni məğlub edərək tarixində ilk dəfə bu titula sahib çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda “Bollar-Delelis” stadionunda keçirilən qarşılaşmada Paris klubunu 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 32-ci dəqiqədə Florian Toven vurub.
Görüşün böyük hissəsində topa PSJ nəzarət etsə də, Luis Enrikenin komandası hücumlarını real qol vəziyyətlərinə çevirməkdə çətinlik çəkib. Əvəzində rəqib komanda müdafiədə intizamlı oynayaraq əks-hücumlarda təhlükə yaradıb. Tovenin qolundan bir neçə dəqiqə sonra lanslılar azlıqda qalıblar. Buna baxmayaraq, komanda 10 nəfərlə də PSJ-nin hücumlarına tab gətirib və hesabı qoruyub.
İkinci hissədə PSJ üstünlüyü daha da artırsa da, rəqib qapıçı Risser bir neçə vacib seyv edərək komandasını məğlubiyyətdən xilas edib. Görüşün sonlarına yaxın Nuno Mendes də qırmızı vərəqə alaraq PSJ-ni 10 nəfərlə qoyub.
Beləliklə, ötən mövsüm Fransa Kubokunu qazanmış “Lans” yeni baş məşqçi Dino Topmöllerin rəhbərliyi altında mövsümə titulla başlayıb.
Matçın ən yaxşı futbolçusu isə həlledici qola imza atmış Florian Toven seçilib.


