Van den Brom: “Qarabağ”ı keçə bilərik”

“Tvente”nin baş məşqçisi Con van den Brom Konfrans Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Niderland və Azərbaycan komandaları sabah Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyuna çıxacaqlar.

Con van den Brom ev oyunundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqib Avropa Konfrans Liqasından daha yüksək səviyyədə də oynayıb. Bu da onların yaxşı kollektiv olmasından xəbər verir. “Qarabağ”ın fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Onlar topa sahib olmağa önəm verirlər. Fikrimcə, biz də mərhələ adlaya bilərik. İlk matçda maksimum nəticə qazanmaq üçün azarkeşklərin dəstəyi də vacibdir”.

“Tvente”nin futbolçusu Ramiz Zerruki də mətbuat konfransında iştirak edib. O, ilk oyundan əvvəl fikirlərini bölüşüb:

“Oyuna tam hazırıq. Rəqib futbol oynamağı sevən təcrübəli komandadır. Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”.

Əlcəzairli oyunçu qarşılaşmanı səbirsizliklə gözlədiklərini söyləyib:

“Cütün taleyi iki oyundan sonra həll olacaq. Amma ümid edirik ki, sabah çox vacib addım atacağıq. Avropa Liqasında mübarizəni dayandırmağımız məyusedici idi. Amma indi bu turnirə diqqət yetirməliyik”.

Xatırladaq ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Cavab matçı isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: