Azərbaycanı Konfrans Liqasında təmsil edən “Qarabağ” bu gün sözügedən turnirin 2026/27 mövsümündə növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsində Niderlandın “Tvente” komandası ilə üz-üzə gələcək.
Bu komandalar arasındakı ilk qarşılaşma Enshede şəhərində təşkil ediləcək. Oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Yucin Caya olacaq. “Tvente”nin eyniadlı stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Azərbaycanı uzun illərdir avrokubokların qrup və liqa mərhələsində təmsil edən “Qarabağ” bu il də oxşar uğuru təkrarlamaq üçün “Tvente” səddini keçməyə borcludur. Əks halda Ağdam klubunun uğurlu seriyası bu il qırıla bilər. Qurban Qurbanovun komandası çətin səfərdən sərfəli nəticə ilə qayıda bilsə, doğma meydanda növbəti mərhələyə vəsiqəni təmin edə bilər.
Xatırladaq ki, bu komandaların cavab görüşü gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Avropa Konfrans Liqası
Pley-off mərhələsinin ilk oyunu
20 avqust
22:00. Tvente – Qarabağ
Hakimlər: Yucin Caya, Reydi Avdo, Mario Şazivari, Emanuela Rusta (hamısı Albaniya).
Enshede. “Tvente” stadionu.


