Duşan Vlahoviç “Beşiktaş”da!

Bu yay İtaliyanın “Yuventus” klubundan ayrılmış serbiyalı hücumçu Duşan Vlahoviç bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

26 yaşlı futbolçu İstanbul klubuna azad agent kimi keçib. O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb. “Beşiktaş”ın açıqlamasına görə, serbiyalı hücumçunun hər mövsüm üçün zəmanətli maaşı 7,5 milyon avro təşkil edəcək. Daha əvvəl yayılan məlumatlarda isə onun illik gəlirinin bonuslar nəzərə alınmadan 8 milyon avro olacağı bildirilirdi.

Serbiyalı forvard ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlər üzrə 23 oyuna çıxıb. Vlahoviç bu görüşlərdə 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Duşan Vlahoviç karyerası ərzində “Partizan”, “Fiorentina” və “Yuventus”un formasını geyinib. İndi isə serbiyalı hücumçu Türkiyə Super Liqasında özünü göstərməyə çalışacaq.

“Transfermarkt” portalı Vlahoviçin hazırkı bazar dəyərini 35 milyon avro qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: