“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-offunda “Tvente”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Niderland komandalarının bu gün Enshededə baş tutmuş ilk görüşü Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Yaxşı və düzgün mübarizə apardılar, çox güc sərf etdilər. “Qarabağ” olaraq burada 3-cü dəfədir oynayırıq. İnanın ki, bu stadiondan, azarkeşlərdən hər dəfə daha çox zövq alırıq. Bizim azarkeşlərimizə də təşəkkür edirəm. Komandamızın çıxışından həzz aldılar. Yerlərində bir dəqiqə də dayanmadılar. Hamısı bizi dəstəklədi, yanımızda olduğunu hiss etdirdi. Çox vacib qalibiyyət oldu. Amma bu hələ duelin ilk hissəsidir. Bakıda cavab görüşü olacaq. Evdə daha diqqətli və intizamlı oynamalıyıq ki, iki görüşün nəticəsinə görə qalib olaq. İnanıram ki, Bakıdakı qarşılaşma da maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik”.
“Tvente”nin baş məşqçisi Con van den Brom isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Bu raundda yaxşı rəqiblərlə mübarizə aparırsınız. Bu o deməkdir ki, siz də yaxşı olmalısınız. Bu gün bəzi futbolçularımız öz səviyyələrindən aşağı oynadılar. Amma cavab qarşılaşması üçün ümidim var. Çünki daha yaxşı çıxış edə bilərik”.
Con van den Brom “Qarabağ”ın da yaxşı komanda olduğunu söyləyib:
“Onların keyfiyyətlərini gördük. Rəqib yaxşı kollektivdir. Amma məncə, biz daha yaxşı oynaya bilərdik”.
Xatırladaq ki, bu komandalar arasında cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin oyuna saat 20:00-da start veriləcək.


