Rövşən Nəcəf “Sabah”ı ÇL zəfərinə görə təbrik etdi

AFFA-nın prezidenti Rövşən Nəcəf “Sabah” klubunu UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Arena.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Sabah” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm! Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”, – deyə o əlavə edib.

“Qarabağ” da “Sabah”ı ÇL-in Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Ağdam klubu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda bildirilib:

“Qarabağ” “Sabah”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edir, Avropa arenasında növbəti oyunlarında uğurlar arzulayır”.

Uelsin TNS (The New Saints) klubu da “Sabah”ı təbrik edib. “Müqəddəslər” rəsmi sosial şəbəkə hesabında bu sözləri paylaşıb:

“UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibimiz “Sabah”ı bu gecə liqa mərhələsinə vəsiqə təmin etməsi münasibətilə təbrik edirik”.

Xatırladaq ki, Azərbaycan təmsilçisi turnirin 1-ci təsnifat mərhələsində məhz Uels çempionu TNS-lə qarşılaşmış və hər iki oyunda qalib gələrək (Bakıda 2:0, səfərdə 2:1) növbəti raunda adlamışdı.

“Bayquşlar” pley-off mərhələsində İsrailin “Hapoel” (Beer Şeva) komandasını sıradan çıxararaq (səfərdə 1:2, Bakıda 5:2) adını Çempionlar Liqasının əsas mərhələsinə yazdırmağı bacarıb.

Yeri gəlmişkən, “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərinin müəyyənləşəcəyi vaxt bəllidir. Yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək. Püşkatmaya Bakı vaxtı ilə isə saat 20:00-da start veriləcək.

Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 36 komandanın rəqibləri müəyyənləşəcək. “Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: