“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-offunda “Tvente”yə qarşı keçirəcəkləri cavab oyunundan gözləntilərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Niderland təmsilçiləri arasında ötən həftə Enshededə keçirlmiş ilk görüşdə Ağdam klubu 1:0 hesablı qələbəyə sevinib.
Cavab qarşılaşması isə sabah Bakıda baş tutacaq. Qurban Qurbanov matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Öncə “Sabah”ı təbrik etmək istəyirəm. Çox böyük uğur əldə etdilər. UEFA Çempionlar Liqası yenidən bizim gözəl Bakıda olacaq. Bizə gəldikdə, çox vacib oyuna çıxacağıq. Çox yaxşı və baxımlı futbol göstərən komandaya qarşı oynayırıq. Maraqlı oyun olacaq. Hər iki tərəfdən gedişlər olacaq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Hazırlığımız pis keçməyib. Belə oyunlarda rəqibdən çox özümüzü dəyərləndirmişəm ki, hansı səviyyədəyik. Tam hazır olmayan, zədəli oyunçularımız var. Hamımız bu oyuna fokuslanmışıq. Meydanda çox diqqətli olmalıyıq. Çünki rəqibin hücum xəttində potensiallı oyunçular var.
“Tvente” cavab matçına daha ciddi hazırlaşacaq. Hesabda öndə olmağımız bizim üçün əlavə üstünlükdür. Niderland çempionatında avrokubokların pley-off mərhələsində oyunlar olmur. Bu, komandaların yaxşı hazırlaşması üçündür. Rəqib bir həftəni yaxşı hazırlaşıb. Təhlükə gözləmirik. Bizim özümüzün oyuna necə fokuslanacağımız çox vacibdir. “Tvente” mənim üçün çox maraqlı, baxımlı futbol oynayır. Özüm də belə futbol xoşlayıram, sistematik, hər hücum, hər addım düşünülmüş…
Tapşırıqlar mütləq olacaq. Bəzi səhvləri aradan qaldırmalıyıq. Rəqibin çox dəyişiklik edəcəyinə inanmıram. Oyunlarını təhlil etmişik, daha çox meydanda olan heyətləri var. Bir həftə yaxşı vaxtları olub. Bizdə də ciddi dəyişiklik gözlənilmir. Oyunçu problemlərinə görə bu addımı ata bilərik. Hücum davranışında dəyişiklik ola bilər”.
“Azərbaycan klublarını ciddiyə almağa başlayıblar”
Qurban Qurbanov heyətlə bağlı planları barədə də danışıb:
“Bu gün məşqimiz var. Ola bilər ki, sabah səhər son məşqimizi edək. İstənilən oyunçunun meydanda olmaq şansı var. Musa Qurbanlı son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Zədədən sonra xeyli dəyişiklik olub. Daha da yaxşı olmasını istəyirik. Gözləyirik. Oyunçunun da buna ehtiyacı var. Çünki get-gedə tək “Qarabağ”ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar. Bu, bizim üçün problemdir. Amma inkişaf üçün sıçrayışdır. “Sabah”ın uğurlu nəticəsindən sonra inanmıram ki, Azərbaycanın istənilən klubuna avrokuboklarda elə-belə yanaşsınlar. Bunun faydası olacaq, ziyanı yox.
Hikmət Cəbrayılzadənin belə oyunlarda meydana çıxmasında problem olmaz. Çünki nə qədər vaxtdır bizimlədir, kollektivin içindədir, bəzi oyunlarda da iştirak edib. Amma Əli Bəşirov üçün bəlkə risk olar. Çünki bu komandada avrokuboklarda ilk dəfə olanda, həyəcanı hiss olunurdu, bu da sevinc həyəcanı idi. Hansısa risklərə getmişik, hansısa böyük səhvlər etmişik. Az da olsa, bu səviyyəyə çatmışıq. İstənilən halda onları meydana buraxmağa çəkinməyəcəyəm. Lazım olsa, buraxacağam.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – “Tvente” matçına saat 20:00-da start veriləcək.


