“Tvente”nin baş məşqçisi Con van den Brom Konfrans Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb.
Arena.az xəbər verir ki, sözügedən komandaların ötən həftə Enshededə baş tutmuş görüşü Niderland təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Con van den Brom bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Şanslarımıza inanırıq. Sabah bizim son şansımızdır. Hər şey məhz bu oyunda həll olunmalıdır. Heç bir bəhanə qəbul olunmur. Bir günlük əlavə vaxtımız var idi. Dünən axşam Bakıya gəldik. İki saatlıq saat qurşağı fərqi var. İqlimə də öyrəşmək lazımdır. Yaxşı şəraitdə səyahət etmişik. Sakit bir gün keçirdik. Bu gün üçün ən vacib məqam isə axşam məşqidir.
İlk matça dəfələrlə baxmışıq. Əla səviyyədə oynamasaq da, bir çox şeyləri yaxşı etdik. “Qarabağ” kimi komandanı məğlub etmək üçün hər kəs özünün ən yaxşı oyununu sərgiləməlidir. Sabah üçün əsas çağırış məhz bundadır. Bir həftə ərzində hazılıq görmək şansımız oldu. Buna kifayət qədər diqqət ayırdıq. Evdə qol vurmaq üçün yaxşı imkanlar əldə etdik və rəqibə nisbətən az şans verdik. Sabah son şansımızdır Var gücümüzlə mübarizə aparmaq üçün yetərincə əsaslarımız var”.
“Tvente”nin futbolçusu Rud Neystad da matçdan öncə gözləntilərini paylaşıb. 18 yaşlı mərkəz müdafiəçisi bunları söyləyib:
“Avropada hər şey çempionatda öyrəşdiyinizdən fərqlidir. İmkanlardan yaxşı istifadə etmək lazımdır. “Ferentsvaroş”la matçda bundan yaxşı dərs aldıq. Mənə Avropa səviyyəsində sınağa çəkilmək xoş gəlir. Mövsümün başlanğıcını başqa cür təsəvvür edirdim. Lakin bu da gənc oyunçuların inkişafının bir hissəsidir. Əsas məsələ bundan sonra necə davranmağı bacarmaqdır. Şadam ki, indi hər şey qaydasındadır. Bu mövsüm qarşımıza avrokubokların əsas mərhələsinə vəsiqə qazanmaq məqsədi qoymuşuq. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Bütün diqqət indi buna yönəlib”.


