Ötən gün avrokuboklarda keçirilən pley-off mərhələsinin cavab oyunlarında qeydə alınmış nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
Arena.az xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.
“Qarabağ” Avropa Konfrans Liqasının Liqa mərhələsinin bir addımlığında mübarizəni dayandırıb. Ağdam klubu Bakıda “Tvente”yə uduzub (1:4).
Nəticədə cari mövsümdə qazanılmış əmsal 5,125-də qalıb. Bunun 3,000 əmsalı “Sabah”ın, 1,250-i “Qarabağ”ın, 0,625-i “Zirə”nin, 0,250-si isə “Neftçi”nin payına düşür.
Hazırda ölkəmizin ümumi əmsal ehtiyatı 23,687-yə bərabərdir. Qitə sıralamasında 25-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Sloveniyanın 22,843 əmsalı var. Bir pillə öndə – 24-cü yerdə qərarlaşan İsrailin ümumi qazancı isə 23,875-ə bərabərdir.
Qeyd edək ki, 55 ölkənin yer aldığı UEFA reytinqində İngiltərə 102,019 əmsalla vahid liderdir. İtaliya (87,874) ikinci, İspaniya (82,493), Almaniya (80,402) dördüncü, Fransa (68,153) beşinci yerdə qərarlaşıb.


