“Qarabağ” Taofik İsmahil və Reda Xadra üçün nə qədər xərc çəkib?

“Qarabağ”ın dünən heyətinə cəlb etdiyi 2 yeni transfer – Taofik İsmahil və Reda Xadra üçün ödədiyi təzminat məbləği məlum olub.

Arena.az xəbər verir ki, hər iki futbolçu komandaya hücum xəttini gücləndirmək üçün gətirilib.

Taofik İsmahil Polşanın “Qurnik” (Zabje) klubundan transfer olunub. 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Onun üçün Polşa klubuna 1 milyon avro (təxminən 2,5 milyon manat) təzminat ödənilib.

Nigeriyalı hücumçu karyerası ərzində Norveçin “Şeyd”, “Fredrikstad”, “Valerenqa”, Fransanın “Loryan”, Belçikanın “Beveren” və Polşanın “Lex” klublarında da çıxış edib.

“Qarabağ”ın digər yeni transferi Reda Xadra isə Fransanın “Reyms” klubundan gəlib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Ağdam klubu Reda Xadra üçün də 1 milyon avro təzminat ödəyib.

Dortmund “Borussiya”sının yetirməsi olan bu futbolçu daha əvvəl “Brayton”, “Birmingem Siti”, “Şeffild Yunayted”, “Bləkbörn” və “Havr”ın da formasını geyinib.

Bir sözlə, Ağdam klubu bu iki yeni futbolçu üçün bütövlükdə 2 milyon avro xərcə düşüb. Azərbaycan nəhəngi tezliklə daha bir transferi açıqlayacaq. Belə ki, Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosanın da transferi demək olar, tamamlanıb. Braziliyalı futbolçunun 200 min avro müqabilində 1 illik icarəyə götürüləcəyi bildirilir. Rosa cari mövsüm “Qarabağ”ın oyunlarının ən azı 50 faizində iştirak edərsə, ağdamlılar onu 1 milyon avro qarşılığında birdəfəlik transfer etmək məcburiyyətində olacaq. Həmin məbləğin 500 mini APOEL-ə, 500 mini isə sabiq klubu “Bahia”ya çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: