Dünya çempionu və Lev Yaşin adına ən yaxşı qapıçı mükafatının ikiqat qalibi Emiliano Martines İngiltərənin “Çelsi” klubuna keçib.
Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı argentinalı qapıçı “Aston Villa”dan transfer olunub. Onun “Çelsi” ilə müqaviləsi 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. “Zadəganlar” bu keçid üçün “Aston Villa”ya 8,75 milyon avro ödəyiblər.
Emiliano Martines İngiltərənin “Arsenal” klubunun yetirməsidir. O, 2020-ci ilin sentyabrından “Aston Villa”nın formasını geyinirdi və bu komandanın heyətində 2026-cı ildə Avropa Liqasının qalibi olub. Qapıçı “Arsenal”la İngiltərə Super Kubokunu (2014, 2015, 2020) və İngiltərə Kubokunu (2020) qazanıb.
Martines karyerası ərzində “Oksford Yunayted”, “Şeffild Uensdey”, “Roterhem”, “Vulverhempton”, “Ridinq” və İspaniyanın “Xetafe” klublarında da çıxış edib.
Argentina millisində 67 oyun keçirmiş qapıçı 2021 və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə dünya çempionatının və Finalissimanın qalibi olub. O, həmçinin 2026-cı il dünya çempionatında gümüş medal qazanıb.
Martines 2023 və 2024-cü illərdə “France Football” jurnalının təqdim etdiyi Lev Yaşin mükafatına layiq görülüb. Bu mükafat ilin ən yaxşı qapıçısına təqdim olunur.
Qeyd edək ki, Lev Yaşin futbol tarixində “Qızıl top” qazanan yeganə qapıçıdır. SSRİ millisinin və Moskva “Dinamo”sunun əfsanəvi qapıçısı bu mükafata 1963-cü ildə sahib olub. Martinezdən başqa Lev Yaşin mükafatını iki dəfə qazanan digər qapıçı italiyalı Canluici Donnarummadır (2021, 2025).


