Matias Orosko “Brayton”da!

Kolumbiyanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Matias Orosko bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Brayton” “Deportivo” (Kali) klubundan transfer etdiyi 18 yaşlı futbolçunun keçidi üçün Kolumbiya təmsilçisinə 4,1 milyon avro təzminat ödəyib. Gənc futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Britaniya mətbuatının yazdığı məlumata görə, “Brayton” Oroskonu bu mövsüm icarəyə göndərmək istəyir.

Matias Orosko “Deportivo”nun öz yetirməsidir. Dayaq yarımmüdafiəçisi bu klubun əsas komandasının heyətində keçirdiyi 28 matçda 2 qol vurub.

Daha öncə Kolumbiyanın U-19 yığmasında da forma geyinmiş futbolçu bu ildən gənclərdən ibarət milliyə (U-21) cəlb edilir.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: