Futbol üzrə İngiltərə millisinin və “Aston Villa” klubunun hücumçusu Olli Uotkins bundan sonra “Əl-Hilal”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 30 yaşlı forvardı transfer etdiyini rəsmən açıqlayıb.
İngiltərəli forvardla imzalanan müqavilənin detalları açıqlanmayıb. Uotkinsin transfer məbləği 58,4 milyon avro təşkil edib.
Olli Uotkins 2020-ci ildən “Aston Villa”nın formasını geyinirdi. O, Birmingem klubunun heyətində bütün turnirlərdə 278 matça çıxıb, 108 qol vurub və 47 məhsuldar ötürmə edib. Hücumçu daha əvvəl “Brentford” və “Ekseter Siti”də çıxış edib.
Uotkins İngiltərə milli komandasında da 24 oyun keçirib. O, bu oyunlarda 7 qola imza atıb, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


