Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin bu il oktyabrın 4-də keçiriləcək Azərbaycan – Litva matçının məkanı dəyişdirilib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, əvvəlcə Gəncə şəhərində keçirilməsi planlaşdırılan bu oyun Bakıda təşkil olunacaq.
Qərar tərəflər arasında aparılmış əlavə müzakirələr və qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin qiymətləndirilməsindən sonra qəbul edilib.
Azərbaycan – Litva qarşılaşmasının Bakıda keçirilməsi ilə bağlı qərar UEFA ilə də razılaşdırılıb.
AFFA-dan bildirilib ki, oyunun məkanının dəyişdirilməsi Gəncə şəhər stadionunun qarşılaşmanı qəbul etməyə hazır olmaması ilə əlaqədar deyil.
Yeni qərara əsasən, bu oyun Bakıdakı 8-ci km stadionunda təşkil ediləcək. Millimiz qrupdakı digər rəqibini – Lixtenşteyni isə Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.


