Azər Bağırov: “Futbolumuza yeni adlar bəxş etmək istəyirik”

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 4-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Gəncədə baş tutmuş görüşü qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Möhtəşəm stadion, möhtəşəm azarkeşlər… Hər bir şey çox gözəl idi. Rəqibin son matçında qələbə qazanmasının onlara motivasiya verəcəyini düşünürdük. Amma analizdən daha çox oyunçularımın bu matça motivasiyasının yaxşı olması önəmli idi. Futbolçularım verilən tapşırıqları yerinə yetirə bildilər. Qolları vaxtında vura bildik və qələbə qazandıq. “Kəpəz”ə qarşıdakı matçlarda uğurlar azulayıram.

Demək olar ki, komandanı yenidən toparlamışıq. Premyer Liqada yerimizi möhkəmləndirib, Azərbaycan futboluna yeni adlar bəxş etmək istəyirik”.

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə darmadağına belə aydınlıq gətirib:

“Gözəl azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlubiyyətə baxmayaraq, onlar sonadək bizi dəstəklədilər. Komandanın adından nəticəyə görə üzr istəyirəm, amma futbol belədir: həm qələbələr, həm də məğlubiyyətlər olur. Çempionat yenicə başlayıb və biz səhvlərimiz üzərində işləməli, inkişaf etməyə davam etməliyik. Etiraf etməliyəm ki, komandamız yenidir və hələlik sabitlik çatışmır.

Əslində, oyuna yaxşı başlamışqdıq. Lakin öz səhvlərimiz nəticəsində iki qol buraxdıqdan sonra yenidən qurulmaq bizim üçün çətin oldu. İlk hissədə üstünlük “Şamaxı”nın tərəfində idi. Qarşılaşmanın ikinci hissəsində müəyyən qədər istədiyimiz kimi oynamağı bacardıq və hətta qol da vurduq. Hesab arasındakı fərqi azalda bilərdik, lakin rəqibin xeyrinə aut təyin olunmasından sonra üçüncü qolu buraxdıq. Halbuki top digər komandanın futbolçusundan çıxaraq aut xəttini keçmişdi. Bu epizod matçın dönüş nöqtəsi oldu və bundan sonra yenidən toparlanmaq çətinləşdi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: