“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 4-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunçularımı təbrik edirəm. Onlar bu gün oyun planımızı möhtəşəm şəkildə meydanda icra etdilər. Oyuna çox yaxşı başladıq, 10 dəqiqə ərzində 2 qol vurduq. Hücum və pressinq zamanı çox aqressiv idik. İstədiyimizi meydanda edə bilirdik.
3:0-dan sonra futbolçularımdan bir az narazı qaldım. Çünki oyunçularımda tələskənlik görürdüm. Onlar hər hücumu bitirməyə çalışırdılar, amma mən istəyirdim ki, daha çox oyunumuzu rəqibə qəbul etdirsinlər. Bəzən iki yarımmüdafiəçimiz ara ötürmələrini bağlaya bilmirdi. Bu hallardan o qədər də məmnun qalmadım.
Komanda 5:0 qalib gəlirsə və qol buraxmırsa, ümumən razı qalmamaq düzgün deyil. Komandamın bu oyunundan çox məmnunam. Bu nəticəni unuduruq, qarşıdakı matça köklənirik.
Zədə alan Umarali Rahmonaliyev və Stiv Solvetin vəziyyətinin nə yerdə olduğunu hələ bilmirik. Solvet MRT müayinəsi üçün xəstəxanaya yollandı. Bir az ciddi zədəyə oxşayır. Hələlik “Mançester Yunayted”ə qarşı kimlərin oynamayacağını bilmirik. Amma sizə onu söz verə bilərəm ki, biz “Mançester Yunayted”ə qarşı 10 nəfərlə oynamayacağıq, yenə də 11 nəfərimiz var və onlar da oynamağa hazırdırlar. Meydana kimin çıxmasından asılı olmayaraq, bizim oyun keyfiyyətimiz düşmür.
27 gün ərzində 8 oyunumuz var. Elə lüksümüz var ki, oynayaq və futbolçularımıza 2 gün istirahət verək. 19 noyabrdan dekabrın 9-na qədər 7 oyunumuz var. Çalışacağıq ki, öz tempimizi saxlayaq. Bir oyun bitdikdən sonra önəmli olan qarşıdakı matça hazırlaşmaqdır”.
“Sabah”a qarşı açıq futbol oynamağa çalışırdıq” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının ağır məğlubiyyətinə belə aydınlıq gətirib:
“Oyuna ilk dəqiqələrdən fəal başladıq. Oyuna nəzarət etməyə çalışırdıq. Bu da bizdə pis alınmırdı. “Sabah” isə ilk hücumunda qol vurdu. 3-5 dəqiqə keçdikdən sonra yenə kobud səhvə yol verdik. 0:2-dən sonra oynamaq çətin idi. Amma futbolçularım özlərində güc tapıb mübarizəni davam etdirirdilər.
Futbolçuların göstərdiyi oyundan ümumən narazı deyiləm. Oynayırdılar, topa nəzarət bəzən rəqibdə, bəzən bizdə olurdu və bu baxımdan komandalar eyni səviyyədə idilər. Qol epizodları yaratmaq da eyni səviyyədə idi. Onlar 6 qol epizodu yaratdılar, 5-dən istifadə etdilər. Bizdə 4-5 yaxşı qol epizodu oldu. Amma biz bunlardan istifadə edə bilmədik.
Bu gün iki komanda arasındakı yeganə fərq zərbələri sonlandırmaqla bağlı idi. İkinci və üçüncü qollarda müdafiədə buraxdığımız kobud səhvlər oldu.
Bu gün “Sabah”a qarşı fərqli oynamağa, daha hücumameyilli və açıq futbol oynamağa çalışırdıq. Oyun planımız pis alınmırdı. Ancaq “Sabah” bu gün bizi zərbələri düzgün sonlandırmaqda üstələdi. Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Beş gündən sonra “Mançester Yunayted”lə səfərdə oynayacaqlar. O oyunda da “Sabah”a uğurlar arzulayıram”.


