“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 4-cü turu çərçivəsində “Şəfa”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü “Neftçi”nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Vernidub oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularım bu oyunda bütün güclərini ortaya qoydular. “Şəfa”nın Premyer Liqanın debütantı olması ümumi mənzərəni əks etdirmir. Bu, intizamlı və yaxşı təşkilatlanmış komandadır. Onlar 5-3-2 sxemi ilə oynayırlar və bu səbəbdən müdafiələrini yarmaq çətindir. İlk hissədə də məhz bunu gördük. Rüfət Abbasovun möhtəşəm qolu sayəsində hesabı açdıq. Bu, üzərində işləməli olduğumuz məsələləri başa düşdüyümüzü göstərir. Əslində, qarşıda hələ görüləcək çox işimiz var. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq, amma futbolçularımızın reaksiyasından razı qaldım. Qoldan sonra onlar intensivliyi artırdılar və daha üç qol vurdular. Artıq neçə dəfə qapı tirinə və dirəklərinə zərbə vurduğumuzu saya bilmirəm, amma qələbə qazandığımız üçün şadam. Yolumuza davam edəcəyik.
Qapıçılar istisna olmaqla, sərəncamımızda 22 futbolçu var. Ştoqrinin də adını qeyd etmək lazımdır. Hazırda zədəlidir, amma tezliklə sıraya qayıdacaq. Elvin Bədəlov isə qırmızı vərəqəyə görə aldığı diskvalifikasiya səbəbindən bu oyunu buraxdı. Qalan futbolçular tam gücü ilə məşq edirdilər. Mən futbolçuları cəzalandırmıram, sadəcə konkret oyundan asılı olaraq, qərarlar qəbul edirəm. “Zirə” ilə matçda gözlədiyimiz oyunu görə bilmədik və mən də buna reaksiya verdim. Əslində, həmin görüşdə çox az qol epizodu yaratdıq. Bu dəfə isə “Zirə” ilə oyunda lazımi səviyyədə tətbiq edə bilmədiyimiz pressinqə üstünlük verməyə qərar verdik. Bu gün futbolçularımız bunun öhdəsindən əla gəldilər. Şevelə gəlincə, biz onu çoxdan izləyirdik. O, çox maraqlı bir çempionat olan Şotlandiya liqasından gəlib və orada hətta ən yaxşı mərkəz yarımmüdafiəçisi seçilmişdi. Onu komandaya cəlb etmək istəyirdik, bunu bacardıq və indi o, buradadır”.
“Bu məğlubiyyətin bizə çox xeyri olacaq” – Zaur Həşimov
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Birinci hissədə daha intizamlı oynamağı bacardıq. Bir səhvdən qol buraxdıq. İkinci hissəyə də pis başlamamışdıq. Ard-arda gələn qollardan sonra komanda ruhdan düşdü. Belə oyunlarda komandanın təcrübəsi daha da artır. Fikrimcə, bu məğlubiyyətin bizə çox xeyri olacaq.
Nicat Mehbalıyev bir neçə mövsümdür stabil oynamır. Biz istəyirik ki, onu yenidən qazanaq. Ona görə də üstünə çox getmirik. Tək onun səhvindən məğlub olduğumuzu düşünmürəm. Bütün futbolçularıma güvənirəm”.


