Lionel Messi qol ötürməsi etdi, “İnter Mayami” xal itirdi

ABŞ klubu “İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi MLS təmsilçisinin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Atlanta Yunayted”lə qarşılaşıb.

“Vağlar” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıblar – 2:2. Messi 90 dəqiqə meydanda olub və 1 məhsuldar ötürmə müəllifi olub. O, 32-ci dəqiqədə Kazemironun hesabı açmasına şərait yaradıb.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 23 oyundan sonra 43 xalla 2-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 23 oyunda 12 qələbə qazanıb, 7 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 24 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 112 oyun, 98 qol və 55 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: