Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün 4-cü turu “Sabah”ın bombardiri Coy Lens Mikels üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Premyer Liqanın 2026/2027-ci illər mövsümündə ilk het-trik qeydə alınıb. Mikels “Zirə” ilə ev oyununda (5:0) üç dəfə fərqlənib. Bu, həm də futbolçunun Premyer Liqada ilk het-triki olub.
Mikelsin 2-ci qolu onun Premyer Liqada rəqib qapılarından keçirdiyi yubiley – 60-ci top olub. Almaniyalı hücumçu bu rəqəmi 61-ə də çatdırıb. Ölkəmizdə yalnız “Sabah”da çıxış edən forvard debüt etdiyi 2021/2022-ci illər mövsümündən indiyə qədər keçirdiyi 113 oyunda buna nail olub.
Coy Lens Mikels Azərbaycan çempionatları tarixinə yüksək dəstədə ən çox qol vuran legioner adına şərik çıxıb. O, gürcüstanlı Georgi Adamiyaya çatıb. Düzdür, Badri Kvaratsxeliya və Filip Ozobiç daha çox qol vurublar, amma onların hər ikisi Azərbaycan millisində forma geyinib.
Mikels həm də Premyer Liqada vurduğu penaltilərin sayını 10-a çatdırıb. O, bu imkanların 9-dan yararlanıb.


