Finlandiyanın “Qnistan” klubunun nigeriyalı hücumçusu Adeleke Akinyemi bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Neftçi”nin rəsmi saytına istinadən xəbər verir.
Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu Akinyemi xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib. İki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə etmiş Adeleke Finlandiya çempionatında “Qnistan”la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb.
2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olmuş forvard “Qnistan”da da qolçuluq bacarığını göstərib. O, 13 qolla “Veikkaussliqa”nın bombardiridir.
28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb.
Adeleke Akinyemi yeni komandasında 26 nömrəli formanı geyinəcək.


