“Qarabağ”dan ayrılaraq vətəni Polşaya qayıtmış Mateuş Koxalski özünün “Instagram” səhifəsində Azərbaycan klubu ilə vidalaşıb.
Arena.az xəbər verir ki, o, Ağdam klubunun azarkeşlərinə ünvanlandığı vida yazısında Azərbaycana gələndə çox az tanındığını, lakin “Qarabağ”ın onun Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirən klub olduğunu vurğulayıb:
“Qarabağ” mənə xaricdə ilk macəramı yaşamaq fürsəti verdi. Mənə göstərilən etimada və inkişaf etmək üçün yaradılan imkanlara görə kluba, nəticədən və meydandakı çıxışımdan asılı olmayaraq hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. Çempionluğu birlikdə qeyd etdiyimiz anları heç vaxt unutmayacağam. İndi isə yeni bir çağırışın vaxtıdır. Buradan əvəzsiz təcrübə və ömür boyu mənimlə qalacaq xatirələrlə ayrılıram. Hər şey üçün təşəkkür edirəm, Qarabağ!” – 26 yaşlı qapıçı qeyd edib.
Xatırladaq ki, 2024-cü ilin yayında “Qarabağ”a keçmiş polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3″də qərarlaşıb.
Mateuş Koxalski bundan sonra Polşanın “Veçista” klubunun uğurları çalışacaq. O, yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.


