Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/27 mövsümünün 5-ci turunun “Kəpəz” – “Qəbələ” oyunu 1 dəqiqəlik sükutla başlayacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.
Bununla bağlı “Kəpəz” rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.
“Kəpəz” – “Qəbələ” matçı sentyabrın 12-də keçiriləcək. Gəncə şəhər stadionunda baş tutacaq oyuna saat saat 17:30-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan futboluna ağır itki üz verib. Belə ki, “Kəpəz”in veteran futbolçusu Mehman Hacıyev vəfat edib. 52 yaşında xəstəlikdən dünyasını dəyişən Hacıyev “sarı-göylər”in tarixi uğurlarında böyük pay sahiblərindən biri olub. Belə ki, keçmiş müdafiəçi Gəncə klubunun heyətində 2 dəfə Azərbaycan çempionu titulunu, eləcə də ölkə kubokunu qazanıb.
Hacıyev peşəkar futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti göstərib. O, öncə “Kəpəz”in əvəzedicilərdən ibarət kollektivində (2010-13-cü illər), daha sonra isə əsas komandada çalışıb. Hacıyev həmçinin “Turan” və “Qarabağ”da oynayıb, “Simurq”da məşqçi işləyib.


