Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın mərkəz hücumçusu Abdallah Sudi Burundi milli komandasına dəvət alıb.
Arena.az bu barədə Naxçıvan klubunun rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, 26 yaşlı futbolçu ölkəsinin yığmasının sentyabrın 25-də səfərdə Toqo, 29-da isə doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanmış heyətinə daxil edilib. Forvard sentyabrın 21-dən oktyabrın 6-na qədər millinin düşərgəsində olacaq.
Xatırladaq ki, “Araz-Naxçıvan” Abdallah Sudini bu yay heyətinə qatıb. Mərkəz hücumçusu ilə imzalanmış müqavilənin müddəti 1 ildir. 26 yaşlı forvard yeni klubuna azad agent kimi keçib. O, indiyə qədər Premyer Liqa təmsilçisinin heyətində 4 oyuna çıxsa da, heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Abdallah Sudi müxtəlif illərdə “Vital O”, “Kiqali”, “Əl-Faysal”, “Muktijoddha”, “Əl-Naft”, “Kuçinq”, “Əl-Əttihad”, PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın “Persijap” komandasında keçirib.
Konqo Demokratik Respublikasının vətəndaşlığını da daşıyan Sudi 2022-ci ildən Burundi millisinin formasını geyinir. O, yığmanın heyətində 13 oyuna çıxıb, 3 qol vurub.


