Peter Şmeyxel: “VAR-dan imtina etməyimizi istərdim”

Futbol üzrə Danimarka millisinin və “Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel VAR sistemini sərt şəkildə tənqid edib.

Arena.az xəbər verir ki, əfsanəvi qapıçı bu barədə ESPN-ə müsahibəsində danışıb.

Şmeyxel “Mançester Siti”nin hücumçusu Erlinq Holannın “Mançester Yunayted”ə qarşı oyunda vurduğu mübahisəli qol ətrafında yaranan hakim qalmaqalına da münasibət bildirib:

“Mən çox istərdim ki, nəhayət VAR-dan tamamilə imtina edək. Hazırda bütün futbol elə bir vəziyyətə gəlib ki, videonəzarət sistemi və hakimlər meydandakı ən vacib fiqurlara çevriliblər. Bu, oyunun bütün canlı enerjisini yox edir. Komanda qol vuranda belə, həmin anı tam şəkildə qeyd etməyə imkan vermirlər”, – deyə Peter Şmeyxel bildirib.

Sabiq qapıçı müasir texnologiyaların futbolun klassik ruhunu və azarkeşlərin emosiyalarını korladığını vurğulayıb:

“Top tora daxil olur – elə bilirsən ki, bu, təmiz qoldur. Amma dərhal yan xətt hakimi bayrağını qaldırır, ofsayd siqnalı verir və videoassistentlərin qərarını gözləyir. VAR-dan həmişəlik imtina edə biləcəyimiz günləri səbirsizliklə gözləyirəm. Bu sistem açıq şəkildə qıcıqlandırır və normal futbola mane olur. Düzünü desəm, o, sevdiyimiz oyunu heç də yaxşılaşdırmayıb”.

Qeyd edək ki, “Old Trafford”da keçirilən “Mançester Yunayted” – “Mançester Siti” qarşılaşmasında Holannın vurduğu qol uzun müddət müzakirələrə səbəb olub. Hücumun ilkin mərhələsində “Mançester Siti”nin digər futbolçusunun ofsaydda ola biləcəyi ilə bağlı suallar yaranıb. Lakin VAR tərəfindən aparılan uzunmüddətli araşdırmadan sonra qolun qeydə alınması təsdiqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: