İngiltərə millisinin sabiq hücumçusu Rahim Sterlinq avtomobil qəzası ilə bağlı ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirini etiraf edib.
Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu Beyzinqstok Magistrat Məhkəməsində keçirilmiş iclasda bütün ittihamlarla bağlı günahını qəbul edib.
Sterlinq təhlükəli avtomobil idarə etmək, azot-oksidi qanunsuz şəkildə nəfəsə çəkmək məqsədilə saxlamaq, həmçinin analiz üçün nümunə təqdim etməkdən imtina etməkdə təqsirli olduğunu etiraf edib.
Söhbət 2026-cı il mayın 28-də Hempşir qraflığında M3 avtomobil yolunun cənub istiqamətində baş vermiş hadisədən gedir. Futbolçu “Lamborghini” markalı avtomobilini qəzaya uğradıb. Hadisə zamanı başqa avtomobillər və ya xəsarət alan şəxslər olmayıb.
Sterlinqə hökmün nə vaxt elan olunacağı hələ açıqlanmayıb.
Futbolçu ötən mövsümün sonunda Niderlandın “Feyenoord” klubundan ayrıldıqdan sonra heç bir komandada çıxış etmir. Sterlinq daha əvvəl “Liverpul”, “Çelsi”, “Arsenal” və “Mançester Siti”nin formasını geyinib. “Mançester Siti” ilə o, 4 dəfə İngiltərə çempionu, 5 dəfə Liqa Kubokunun və 1 dəfə İngiltərə Kubokunun qalibi olub.
Rahim Sterlinq İngiltərə millisi ilə 2021-ci ildə Avropa çempionatının gümüş, 2019-cu ildə isə UEFA Millətlər Liqasının bürünc medalını qazanıb.


