Bense Varkonyi ilk dəfə Macarıstan millisinə çağırıldı

Bu ilin yayından “Qarabağ”ın formasını geyinən müdafiəçi Bense Varkonyi ilk dəfə Macarıstanın əsas milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, Macarıstan millisinin baş məşqçisi Marko Rossi 24 yaşlı futbolçunu sentyabr-oktyabr aylarında keçiriləcək UEFA Millətlər Liqasının oyunları üçün heyətə daxil edib.

Varkonyi ilə yanaşı, daha dörd futbolçu ilk dəfə yığmaya çağırılıb.

Macarıstan millisi sentyabrın 25-də Ukraynanı qəbul edəcək, üç gün sonra Şimali İrlandiyanın qonağı olacaq. Komanda oktyabrın 2-də Gürcüstanı qəbul edəcək, oktyabrın 5-də isə Ukraynaya səfər edəcək.

Varkonyi milliyə dəvət almasından və “Qarabağ”a transferindən danışıb. O, Bakıya gəlişinin karyerasında böyük dəyişiklik olduğunu bildirib:

“Əlbəttə, xaricə, xüsusilə də Bakıya gəlmək böyük dəyişiklik idi. Amma bunu etdiyimə və belə imkanım olduğuna görə sevinirəm. Komandada ilk andan mənə güvəndilər. Təəssüf ki, avrokubokların əsas mərhələsinə yüksələ bilmədik. Amma yenə də vacib təcrübə qazana bildim”.

Macarıstanlı müdafiəçi bildirib ki, karyerasında heç vaxt aşağı yaş qrupları üzrə milli komandalara çağırılmayıb:

“Hesab edirəm ki, hər hansı idmana başlayan hər kəsin məqsədi nə vaxtsa milli komandada debüt etməkdir. Mənim aşağı yaş qrupları üzrə millilərdə oynamaq imkanım olmadı. Amma buradan da görünür ki, 15-16 yaşında milli komandada olub-olmamağın mütləq əhəmiyyəti yoxdur. Hər kəsin öz yolu var. Görünür, mənim yolum da belədir”, – deyə Varkonyi qeyd edib.

Xatırladaq ki, Bense Varkonyi iyulun 3-də Macarıstanın “Zalaegerseq” klubundan “Qarabağ”a keçib və Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: