“Kəpəz”in milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranacaq fasilə üçün planları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylər” sentyabrın 20-də ölkə çempionatında “Sumqayıt”la oyundan sonra 4 günlük istirahətə yollanacaqlar.
Sentyabrın 25-də klubun bazasına toplaşacaq futbolçular məşqlərini Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında davam etdirəcəklər. Baş məşqçi Azər Məmmədov oyunçuları yoxlama matçlarında da sınaqdan keçirəcək.
Bu məqsədlə oktyabrın 2-də iki oyun keçiriləcək. Komanda həmin gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması ilə qüvvəsini sınayacaq. Qarşılaşmaya saat 12:00-da start veriləcək.
Digər rəqib isə Birinci Liqa təmsilçisi “Gəncəbasar” olacaq. “Kəpəz”in məşqçi korpusu bütün futbolçuların oyununu izləmək üçün heyəti iki yerə ayıracaq. Hər iki qarşılaşma Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında baş tutacaq.


