“Milan”ın belçikalı hücumçusu Dieqo Moreyra A Seriyasının 5-ci turunda “Leççe”yə qarşı 3:0 hesablı qələbədən sonra təəssüratlarını bölüşüb.
Arena.az xəbər verir ki, “San Siro”da keçirilmiş görüşdə Kristian Pulişiç 14-cü dəqiqədə hesabı açıb. Adrien Rabyo 61-ci dəqiqədə “Milan”ın üstünlüyünü artırıb, 73-cü dəqiqədə isə Moreyra yekun nəticəni müəyyənləşdirib.
İkinci hissədə meydana daxil olan 22 yaşlı belçikalı bununla da “Milan”ın heyətində üçüncü qolunu vurub. O, əvvəlki turda “Latsio” ilə Romada keçirilən oyunda (2:2) əvəzetmədən meydana çıxaraq dubl etmiş və komandasına heç-heçə qazandırmışdı.
Dieqo Moreyra “San Siro”da qol vurmağın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“San Siro”da qol vurmağı çox sevirəm. Bu, mənim və ailəm üçün böyük məna daşıyır. Azarkeşlərin önündə qol vurduğum, qələbə qazandığımız və qapımızı toxunulmaz saxladığımız üçün çox sevinirəm. İndi milli komandaların oyunları ilə əlaqədar fasilə zamanı dincəlmək və güc toplamaq, sonra isə geri qayıtmaq istəyirəm”.
Bu qələbədən sonra “Milan” 5 turda topladığı 11 xalla İtaliya çempionatının turnir cədvəlində 5-ci pilləyə yüksəlib. 6 xalı olan “Leççe” isə 12-ci sırada qalıb.
Milli komandaların oyunları ilə əlaqədar fasilə zamanı Moreyra Belçika yığmasının düşərgəsinə yollanacaq və UEFA Millətlər Liqasında keçiriləcək oyunlarda iştirak edəcək.


