Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, o, Bakıda olduqları müddətdə komandası üçün hər cür şəraitin yaradıldığını bildirib:
“Burada olmaqdan məmnun və rahatam. Azərbaycan bizə hər cür şərait yaradıb. Ehtiyacımız olan hər şeyə sahibik. Sabah yoldaşlıq oyunudur və buna hazırıq”.
Angelovski yığmasının Asiya Kubokuna vəsiqə qazandığını və futbolçularının hazırlığından razı olduğunu söyləyib. Mütəxəssis Azərbaycan millisində yüksək keyfiyyətli futbolçuların çıxış etdiyini vurğulayıb. O, iki komandanın daha əvvəl keçirdiyi oyunları da xatırladıb. Anqelovski altı il əvvəl Şimali Makedoniya millisinin baş məşqçisi olduğu dövrdə Azərbaycanla qarşılaşdıqlarını qeyd edib:
“Bu futbolçularla işləməkdən məmnunam. Gözəl nəticələrimiz var və Asiya Kubokuna vəsiqə qazanmışıq. Baş məşqçi olaraq bütün rəqiblərə hörmət etməliyəm. Altı il bundan əvvəl Şimali Makedoniya millisinin baş məşqçisi olmuşam. Bütün komandalara hörmət etməliyik. İki dəfə Azərbaycana qarşı oynamışıq. Yüksək keyfiyyətlərə malik oyunçularınız var. Azərbaycan D Liqasında olmağa layiq deyil. Çünki futbolçularınız yüksək keyfiyyətlidir”.
Angelovski “Sabah”la “Qarabağ”dan da danışdı
Tacikistan yığmasının baş məşqçisi “Sabah” və “Qarabağ”ın çıxışlarına da münasibət bildirib. O, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskası təbrik edib, “Qarabağ”ın isə Qurban Qurbanovun rəhbərliyi altında ötən il yaxşı nəticələr göstərdiyini söyləyib:
“Sabah”ı və baş məşqçi Valdas Dambrauskası təbrik edirəm. Gözəl oyun oynayırlar. Keçən il də “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında gözəl nəticələr göstərdi. Qurban Qurbanov millinin baş məşqçisi olanda mən də Şimali Makedoniyanın baş məşqçisi idim. Çox təəssüf ki, klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur.
Altı il əvvəl Azərbaycanla hazırlıq oyununda qarşılaşmışdıq və 3:1 hesabı ilə qalib gəlmişdik. Türkiyədə isə 1:1 oynamışdıq. Həmin heyətdən Azərbaycan millisində 1-2 futbolçu qalıb. Bu dəqiqə müqayisə etmək istəməzdim”.
Angelovski Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər arasında adının hallanmasına da münasibət bildirib. O, hazırda Tacikistan yığmasının baş məşqçisi olduğunu və bundan fəxr etdiyini deyib:
“İndi Azərbaycan millisinin baş məşqçisi postu barədə danışmağın vaxtı deyil. Milli komandanın baş məşqçisi ilə bağlı çox adlar olur. Tacikistan yığmasının baş məşqçisiyəm. Bununla da fəxr edirəm.
Nəticə həmişə vacibdir. Yoldaşlıq oyunları milli üçün çox əhəmiyyətlidir. Oyunçularıma həmişə deyirəm ki, millidə oynayırıqsa, Tacikistanı qürurlandırmalıyıq. Sevinirəm ki, komandamda belə yaxşı oyunçular var. Əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq.
Oleq Baklovun sabah qapıda olub-olmayacağı bugünkü məşqdən sonra bəlli olacaq. İndi bunu deyə bilmərəm, çünki rəqibə mesaj vermiş olaram”.
“Azərbaycanda bizi çox yaxşı qarşıladılar”
Tacikistan millisinin kapitanı Axtam Nazarov da Azərbaycanla qarşılaşma öncəsi fikirlərini bölüşüb. 33 yaşlı müdafiəçi Bakıda yaxşı qarşılandıqlarını və hazırlıq prosesinin faydalı keçdiyini bildirib. O, Azərbaycan millisinin bəzi futbolçularını tanıdığını, həmçinin ölkəmizin klub futbolunu izlədiklərini qeyd edib.
“Heç vaxt Azərbaycandan təklifim olmayıb. Oleq Baklov burada oynayır. Azərbaycan futboluna baxırıq, Çempionlar Liqasında oynayan komandalarınız var. Sizə uğurlar arzulayıram.
Sabah iki yaxşı komanda qarşılaşacaq. Bizi çox yaxşı qarşıladılar. Faydalı hazırlıq gedir. Sabah yaxşı oyun göstərməyə hazırıq. Azərbaycan millisinin futbolçularından kapitanı, sol və sağ cinah yarımmüdafiəçilərini tanıyırıq”.
Sabah” “Neftçi Arena”da təşkil ediləcək Azərbaycan – Tacikistan matçına saat 20:00-da start veriləcək.


