Endi Bernhem “Mançester Siti”nin mümkün satışından narahatdır

Böyük Britaniyanın baş naziri Endi Bernhem “Mançester Siti”nin mümkün satışı ilə bağlı yayılan xəbərlərdən narahatlığını ifadə edib.

Arena.az xəbər verir ki, əvvəllər Mançesterin meri vəzifəsində çalışmış hökumət başçısı klubun Yaxın Şərqdən olan investorlarının İngiltərədəki layihələrini dayandıra biləcəyindən ehtiyat etdiyini bildirib.

Qeyd edək ki, müstəqil komissiya “Mançester Siti”ni maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən 115 ittihamdan 114-ü üzrə təqsirli bilib. Klub uzun illər ərzində maliyyə hesabatlarını saxtalaşdırmaqda, futbolçular və məşqçilərlə bağlı gizli ödənişlərdə və istintaqla əməkdaşlıq etməməkdə ittiham olunub.

Mümkün sanksiyalarla bağlı müxtəlif ehtimallar səsləndirildiyi bir vaxtda klubun BƏƏ-li sahiblərinin “Mançester Siti”ni satmaq variantını nəzərdən keçirə biləcəyi barədə xəbərlər yayılıb.

Bernhem isə “City Football Group” və klub sahiblərinin şəhərin inkişafına yatırdığı sərmayələri xüsusi qeyd edib:

“Onları itirsəydik, çox narahat olardım. Onlar müasir Mançesterin inkişafında və əlbəttə ki, “Mançester Siti”nin bu gün olduğu qlobal gücə çevrilməsində böyük tərəfdaş olublar. “City Football Group” və klub sahiblərinin təkcə “Etihad” stadionuna və onun ətrafındakı kompleksə deyil, həm də şəhərin özünə yatırdıqları pullara görə həqiqətən minnətdaram”, – deyə Endi Bernhem BBC-yə bildirib.

Qeyd edək ki, şeyx Mənsur bin Zayed Əl-Nəhyanın rəhbərlik etdiyi investisiya qrupu 2008-ci ildən “Mançester Siti”nin sahibidir. Bu müddət ərzində klubun infrastrukturu əhəmiyyətli dərəcədə yenilənib, akademiya və digər sosial obyektləri özündə birləşdirən müasir kampus yaradılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: