Kristof Qaltye Fransaya qayıtmaq ehtimalını istisna etmir

Hazırda Səudiyyə Ərəbistanının “Neom” komandasını çalışdıran Kristof Qaltye gələcəkdə Fransaya qayıda biləcəyini istisna etmir.

Arena.az xəbər verir ki, 60 yaşlı mütəxəssis “Le Parisien”ə açıqlamasında məşqçilik karyerasını ən azı daha üç il davam etdirmək niyyətində olduğunu bildirib:

“Mən hələ də psixoloji olaraq Liqa 1 ilə dərindən bağlıyam. Bu, dünyada ən yaxşı tanıdığım çempionatdır. Məhz Fransa çempionatı mənə peşəkar kimi güclənməyə və yüksək səviyyəyə çatmağa imkan verdi. Həm də təvazökarlıqla deyə bilərəm ki, burada çempion olmaq mənə nəsib olub”, – deyə Qaltye bildirib.

Fransız mütəxəssis ölkəsinə qayıtmaq üçün qapını açıq saxladığını, eyni zamanda xaricdə – Səudiyyə Ərəbistanı, Asiya, Cənubi Amerika və ya digər Avropa ölkələrində işləyə biləcəyini vurğulayıb.

Xatırladaq ki, Kristof Qaltye 2020/21 mövsümündə “Lill”i Liqa 1-in çempionu edib. İki il sonra isə PSJ ilə eyni uğuru təkrarlayıb. O, karyerasında “Sent-Etyen” və “Nitsa” klublarına da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: