Tonda Ekkert casusluğa görə cəzalandı

İngiltərə Çempionşipində çıxış edən “Sauthempton” komandasının baş məşqçisi Tonda Ekkert casusluq işi ilə bağlı şərti diskvalifikasiya olunub.

Arena.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) 44 yaşlı mütəxəssisə 6 həftəlik şərti diskvalifikasiya cəzası verib.

Tonda Ekkert, həmçinin 28 min funt sterlinq məbləğində cərimələnib.

“Sauthempton” may ayında İngiltərə Premyer Liqasına vəsiqə uğrunda pley-offun finalından kənarlaşdırılıb və 2026/2027 mövsümündə 4 xalından məhrum edilib. Buna səbəb yarımfinalda “Sauthempton”a 0:0, 1:2 hesabları ilə məğlub olan “Midlsbro”nun şikayəti olub. “Midlsbro” rəqib komandanı casusluqda və məşq prosesinin çəkilişini aparmaqda ittiham edib.

İyul ayında Ekkertə 2025-ci ilin dekabrından 2026-cı ilin mayınadək rəqib komandalar barədə üç dəfə casusluq etdiyi ilə bağlı ittiham irəli sürülüb. Mütəxəssis hər üç epizod üzrə günahını etiraf edib.

“Sauthempton” hazırda İngiltərə Çempionşipinin turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. Komandanın 8 turdan sonra 10 xalı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: