“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qalibiyyət oldu. Oyunçular çox əziyyət çəkdilər və intizamlı çıxış etməyə çalışdılar. Bu da önəmli məqamdır. Önümüzdə kompakt müdafiə olunan rəqib var idi. Buna görə də səbrli oynamaq lazım idi. Bunu da bacardılar. Azarkeşlərimizi də təbrik edirəm. Bəlkə də, elə azarkeşlərimiz var ki, 1000 çempionat oyununun hamısında iştirak ediblər. Onlara təşəkkür edirəm. Qarşıdakı matçlara daha ciddi hazırlaşmağa çalışacağıq”.
Milli fasilədən sonra komandaya qoşulan və zədədən qayıdan futbolçuların vəziyyətinə də toxunan Qurban Qurbanov onların optimal formaya düşməsi üçün zamana ehtiyac olduğunu bildirib:
“Hazırda onların tam hazır olduğunu demək olmaz. Müəyyən çatışmazlıqlarımız var. Təxminən 20 gün ərzində futbolçularımızın böyük bir qismi komandadan ayrı qalmışdılar, zədəli oyunçularımız da var idi. Buna baxmayaraq, hamısı böyük istək və məsuliyyətlə məşq edir. Yüksək idman formasını bərpa etmək və oyun ritminə qayıtmaq üçün müəyyən zamana ehtiyac var. İstənilən halda futbolçuların yanaşmasından razıyam, həvəsli olduqları hiss olunur”.
“Diqqətsizlik etmək yaxşı deyil” – Fərid Namazov
“İmişli”nin baş məşqçisi Fərid Namazov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Matçın gərgin keçəcəyini bilirdik. “Qarabağ” bu mövsüm avrokubokların əsas mərhələsində iştirak etmədiyi üçün bütün oyunlara tam heyətlə çıxır. Əvvəllər avrokuboklarda oynayanda həftəiçi matçlarda rotasiyalara gedirdilər. Biz də buna uyğun hazırlaşmışdıq. Hansı futbolçuların oynayacağı ilə bağlı təxminlərimiz var idi.
Birinci hissədə daha yaxşı müdafiə olunmaq və əks-hücumlarda rəqibi yaxalamaq istəyirdik. Bir neçə qol imkanımız da oldu. Topa daha çox sahib olaraq özümüzü inamlı hiss etməyə çalışırdıq. İkinci hissə “Qarabağ”ın üstünlüyü ilə keçdi. Rəqibə boş zonalar verməməyə çalışırdıq, amma ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra da qol imkanlarımız oldu.
Sonuncu epizoda gəlincə, qoldan əvvəl top küncdən meydanı tərk etmişdi. Epizoda baxdıq, top “Qarabağ”ın futbolçusuna dəyərək meydanı tərk etmişdi. Futbolçularım pis oynamadılar, onlara təşəkkür edirəm. Bu qədər konsentrasiyalı oynayıb cəmi iki epizodda diqqətsizlik etmək yaxşı deyil. Amma ümumilikdə komandamın çıxışından razıyam. Pis oyun keçirmədik. İndi növbəti həftə “Turan Tovuz”la matça daha yaxşı hazırlaşmalıyıq”.


