FIFA təşkilatın idarəetmə sistemini araşdırmaq üçün işçi qrupu yaradır

Beynəlxalq Futbol Federasiyası (FIFA) təşkilatın idarəetmə sistemini ətraflı araşdırmaq məqsədilə xüsusi işçi qrupu yaradacaq.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Müvafiq qərar oktyabrın 15-də Sürixdə keçirilən FİFA Şurasının iclasında qəbul olunub. İşçi qrupunun tərkibinə müxtəlif qitə konfederasiyalarının nümayəndələri daxil ediləcək.

Qeyd edək ki, bu ilin iyulunda FİFA prezidenti Canni İnfantinonun təşkilatın kişi və qadınlar arasında keçirilən əsas turnirlərinə nəzarət edəcək ayrıca şirkət yaratmaq niyyəti barədə məlumat yayılmışdı. “FIFA Forward Enterprise” adlandırılması nəzərdə tutulan layihənin üzv assosiasiyaların gəlirlərini artıracağı və dünya futbolunun inkişafına töhfə verəcəyi bildirilirdi. FİFA bu təşəbbüsün 4,2 milyard ABŞ dolları həcmində vəsait cəlb edə biləcəyini açıqlamışdı.

Lakin layihə futbol rəsmiləri, milli federasiyalar və digər təşkilatlar tərəfindən ciddi tənqid olunmuşdu. Bir sıra federasiyalar FİFA-nın idarəetmə sistemində dəyişikliklərə ehtiyac olduğunu bildirmişdilər.

Bundan başqa, FİFA-nın sosial məsuliyyət komitəsi təşkilatın Sülh Mükafatının təsis edilməsi və qaliblərin müəyyənləşdirilməsi ilə bağlı məsələləri də araşdıracaq.

FİFA bu mükafatı 2025-ci il noyabrın 5-də təsis etdiyini açıqlayıb. Təşkilatın məlumatına görə, mükafat sülh naminə insanları birləşdirməyə töhfə verən şəxslərə hər il təqdim edilməlidir. Həmin il dekabrın 5-də isə ABŞ prezidenti Donald Tramp mükafatın ilk laureatı elan olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: