Gürcüstan millisinin və PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya zədələnərək uzun müddətə sıradan çıxması ilə bağlı açıqlama verib.
Arena.az xəbər verir ki, gürcüstanlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Barselona” ilə keçirilən oyunda (4:2) çarpaz bağlarının qırılması səbəbindən yaşıl meydanlardan uzaq qalacaq.
Kvaratsxeliya qarşılaşmaya start heyətində başlayıb, lakin 59-cu dəqiqədə zədə səbəbindən əvəzlənib. Futbolçu yaxın günlərdə əməliyyat olunacaq. Belə zədələrdən sonra bərpa prosesi, adətən, ən azı altı ay davam edir.
25 yaşlı hücumçu sosial şəbəkə hesabında yaşadığı məyusluğu ifadə edib:
“Beynimin içində bir sual fırlanır: niyə məhz mən? Elə bilirdim ki, hər şeyə hazıram, amma buna yox. Əziyyət, ağrı və göz yaşları ilə dolu bu ayları keçməyə hazıram. Bilirəm ki, mənə daim dəstək olan insanlar naminə daha güclü qayıtmalıyam”.
Qeyd edək ki, Xviça Kvaratsxeliya cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 11 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun uzunmüddətli yoxluğu Paris klubunun hücum xəttinə ciddi zərbə olacaq.


