“Landau Lions” Avropa Kubokunda ardıcıl 3-cü məğlubiyyətini aldı

Azərbaycanın “Landau Lions” basketbol komandası FİBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv G qrupunun 3-cü turunda Danimarkada “Bakken Birs”in qonağı olub. Qarşılaşma rəqibin 91:88 hesablı qələbəsi ilə başa çatıb.

Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtı heç-heçə ilə yekunlaşıb – 81:81. Əlavə vaxtda isə meydan sahibləri daha dəqiq oynayaraq qələbə qazanıblar. Görüşün hissələri müvafiq olaraq 17:19, 15:18, 30:22 və 19:22 hesabları ilə başa çatıb. Əlavə vaxtda “Bakken Birs” 10:7 hesabı ilə üstün olub.

“Landau Lions”un heyətində ən məhsuldar basketbolçu 26 xal toplayan Arnas Sakenis olub. De’Andre Cekson 18, Ceyms Freyzer isə 13 xalla yadda qalıb. Edvard Polayt 7, Kervin Uolton, Cordan Perkins və Gediminas Orelik hərəyə 8 xal toplayıblar.

Beləliklə, Azərbaycan təmsilçisi qrup mərhələsində ardıcıl üçüncü məğlubiyyətini alıb. Komandamız daha əvvəl İsveçrənin “Lions de Jenev” klubuna evdə 83:105, Slovakiyanın “Prievidza” kollektivinə isə səfərdə 84:108 hesabı ilə uduzub.

Üç turdan sonra “Bakken Birs” 5 xalla qrupun lideridir. Portuqaliyanın “Benfika” komandası 4 xal toplayıb. “Denizli Basket”, “Lions de Jenev”, “Prievidza” və “Landau Lions”un hər birinin aktivində 3 xal var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: