“Neftçi” basketbol üzrə Avropa Kubokunun müntəzəm mövsümünün qrup mərhələsinin 3-cü turunda növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Kostas Vasileadisin baş məşqçisi olduğu komanda səfərdə İsveçrənin “Fribourq Olimpik” kollektivi ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 78:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın hissələri belə nəticələnib: 15:18, 20:13, 25:22, 18:20.
Azərbaycan təmsilçisinin heyətində Şakael Prays, Aleksa Stepanoviç və Miliç Starovlah hərəyə 15 xal toplayıblar. Elayca Hokins 13, Ulaş Turqut 9, Zakariya Hiks isə 6 xalla yadda qalıb.
Bununla da paytaxt klubu qrup mərhələsində ardıcıl üçüncü məğlubiyyətini alıb. Komanda əvvəlki turlarda səfərdə Yunanıstanın “Mikonos” klubuna 58:78, evdə isə Latviyanın VEF kollektivinə 94:110 hesabı ilə uduzub.
Qrupun turnir cədvəlinə 6 xalla “Mikonos” başçılıq edir. VEF, Bolqarıstanın “Lokomotiv” (Plovdiv) və “Fribourq Olimpik” komandalarının hərəsinin 4 xalı var. “Oradea” (Rumıniya) və “Neftçi” isə hərəyə 3 xalla sonuncu pillələri bölüşürlər.


