Fərid Ələkbərov: “Buba Mara” “Uypeşt”dən daha güclüdür”

“Araz-Naxçıvan”ın oynayan məşqçisi Fərid Ələkbərov bu gün futzal üzrə UEFA Çempionlar Liqasında keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu Polşanın Qlivitse şəhərində təşkil edilmiş 5-ci qrupun ilk turunda Macarıstanın “Uypeşt” komandası ilə üz-üzə gəlib və 5:4 hesablı qələbəyə sevinib.

Fərid Ələkbərov oyundan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Uypeşt”in oyunlarına baxmışdım və onlar necə gözləyirdiksə, o şəkildə də oynadılar. “5-in 4-ə” oynamaqla üstünlük yaratdıq, oyunun sürətini aşağı saldıq, nəzarəti özümüzdə saxladıq və ən əsası, yaratdığımız qol epizodlarını dəyərləndirdik. Elə oyun idi ki, onlar da qalib gələ bilərdilər. Ancaq udmuşuqsa, deməli, daha yaxşı oynamışıq. Futzalçılarımız da həvəsli və özlərinə inanaraq oynadılar. Bu qələbəni ən çətin vaxtlarda komandaya dayaq olan və fəaliyyətini davam etdirməyə dəstək olan Zaur Axundova həsr edirik.

Növbəti rəqibimiz “Buba Mara”ya gəldikdə, onlar macarlardan azı iki dəfə güclüdürlər. Son qarşılaşmalarına baxmışıq. Bizi çətin sınaq gözləyir, ancaq məqsədimiz dəyişməz olaraq qalır – qələbə!”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: