“Araz-Naxçıvan”ın məşqçisi Zaur İsmayılov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Şimal”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu qarşılaşmadan 6:0 hesablı qələbə ilə ayrılaraq kubokun 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Zaur İsmayılov darmadağına imza atdıqları matçdan sonra verdiyi açıqlamada bunları qeyd edib:
“Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq üçün mübarizə apardıq. Birinci hissə gərgin keçdi. Rəqib müqavimət göstərməyi bacardı. Fasilədə müəyyən tapşırıqlar verdik və ikinci hissədə nəticəsini gördük. Komanda daha çox hərəkət etdi və yaradılan imkanları realizə etməyi bacardı. Oyunun gedişində digər matçlarda meydana çıxmayan futbolçulara da şans verməyə çalışdıq. “Şimal” komandasını da yaxşı mübarizəyə görə təbrik edirəm”.


