“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, əsas və əlavə vaxtı 2:2 hesabıyla başa çatmış matçın yekununda “Zirə” penaltilər seriyasında 3:2 hesablı qələbə sayəsində 1/8 finala yüksəlib.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bizi yüksək liqa səviyyəsində bir qarşılaşma gözlədiyini bilirdik. Hətta son çempionat oyunundan öncə də futbolçularıma kubok matçında bizi nələrin gözlədiyini mütəmadi olaraq xatırladırdım. Qismətimiz elə gətirdi ki, ən güclü rəqiblərdən biri ilə qarşılaşdıq. “Səbail” heyətində yüksək liqa təcrübəsi olan futbolçuların çoxluq təşkil etdiyi, yaxşı formalaşmış komandadır. Gənc və yaxşı məşqçiləri var. Maraqlı futbol oynayırlar.
Bütün bunlara baxmayaraq, birinci hissədə və ikinci hissənin əvvəlində oyunun taleyini həll etməli idik. Çoxsaylı qol epizodlarından istifadə edə bilmədik. Qol vurmaqla bağlı problemimiz sanki adiləşib və hələ də bunu həll edə bilmirik. Son dəqiqələrdə qol buraxdıq və oyun əlavə vaxta getdi. Maraqlı əlavə vaxt izlədik. Biz qol vurduq, sonra rəqib yenidən son dəqiqələrdə fərqləndi, penalti seriyasına keçildi. Hər iki qapıçı penalti zərbələrində yaxşı çıxış etdi. Sıx qrafikdə 120 dəqiqə oynamaq istəməzdik, amma başqa çarəmiz yoxdur. İndi çalışıb tez bərpa olmalı və üç gün sonra “Araz-Naxçıvan”la oyuna hazırlaşmalıyıq.
PFL-dən belə halları nəzərə almalarını xahiş edirəm. Yüksək səviyyəli rəqiblə qarşılaşırıq. Bundan üç gün əvvəl “Sumqayıt”la, ondan beş gün əvvəl isə səfərdə “Kəpəz”lə oynamışdıq. İndi kubok matçından cəmi üç gün sonra “Araz-Naxçıvan”la qarşılaşacağıq. Kubok oyunları 120 dəqiqəyə qədər davam edə bilər. Bu məqamlar nəzərə alınsa, çox yaxşı olar. Avrokuboklarda iştirak edən komandaların oyun təqvimində müəyyən güzəştlər edilir, uzun səfərlərə çıxan kollektivlər də nəzərə alınır. Nədənsə, bu dövrdə biz çox sıx qrafikə düşmüşük.
Bütün bu problemlərə, heyətlə bağlı çətinliklərə baxmayaraq, komandamızın mübarizəsindən razıyam. Ümid edirəm ki, “Araz-Naxçıvan”la oyuna qədər bərpa ola biləcəyik. Belə qarşılaşmalar komandaları daha da gücləndirir, futbolçularda möhkəm xarakter formalaşdırır”.


