“Araz-Naxçıvan”ın oynayan məşqçisi Fərid Ələkbərov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Buba Mara”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bosniya və Herseqovina çempionu ilə görüşdə 3:5 hesablı məğlubiyyətə üzülüb.
Fərid Ələkbərov oyundan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Bosniya və Herseqovina çempionu bizimlə görüşə tam heyətlə çıxmışdı. Belə ki, onların əsas oyunçusu Pereç qırmızı vərəqə aldığına görə 1-ci turda “Pyast”la matçı buraxmışdı. Oyunun gedişində hesabda önə keçdik. Ancaq oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik. İstər fiziki hazırlıq, istərsə də qol epizodu yaratmaq baxımından komandamız yaxşı tərəfdən seçilirdi. Hesab 2:2 olan vaxt boş qapıya düşə bilmədik. Onu edə bilsəydik, qələbə qazanmaq şansımız az deyildi. Ümumiyyətlə, qrupumuzdakı rəqiblərin heç biri zəif, asan udulacaq kollektiv deyil. Hər biri oturuşmuş heyətə malikdir, əksəriyyəti illərdir eyni komandada çıxış edirlər. Bizim bir gün əvvəl yendiyimiz “Uypeşt” meydan sahibi və qrupun əsas favoriti hesab edilən “Pyast”la heç-heçə etdi. Qrup liderinin kimliyinə sonuncu turun oyunlarından sonra aydınlıq gətiriləcək. Elə vəziyyət yaranıb ki, bu hüququ hər bir komanda qazana bilər.
“Araz-Naxçıvan” bu ildən sırf yerli futzalçılardan – millinin üzvlərindən qurulub. Onların belə mübarizə aparacaqlarını açığı gözləmirdim. Yaxşı mənada təəccübləndirdilər”.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupun ilk oyununda “Uypeşt”i 5:4 hesabı ilə yenib, “Buba Mara”ya isə 3:5 hesabı ilə uduzub. Komandamız qrupun sonuncu oyununda sabah – oktyabrın 30-da “Pyast”la üz-üzə gələcək. Oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.


