Futbol üzrə İspaniya çempionatında (La Liqa) mübarizə aparan “Espanyol” komandasına bundan sonra Eder Sarabiya rəhbərlik edəcək.
Arena.az xəbər verir ki, bu barədə Barselona təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
45 yaşlı ispaniyalı mütəxəssislə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.
Eder Sarabiya məşqçilik karyerasına “Danok Bat” klubunun aşağı yaş qruplarında başlayıb. Daha sonra o, “Vilyarreal”ın aşağı yaş qruplarında çalışıb. Mütəxəssis peşəkar futbolda Kikue Setyenin köməkçisi kimi “Las Palmas”, “Betis” və “Barselona” klublarında fəaliyyət göstərib.
Sarabiya daha sonra “Andorra” və “Elçe” komandalarında baş məşqçi kimi çalışıb.
Onunla yanaşı, Con Lopes, Con Moreno, Aytor Unse və Alvaro Qonsales də “Espanyol”un məşqçilər korpusuna qoşulublar.
Qeyd edək ki, yeni baş məşqçinin rəsmi təqdimatı çərşənbə axşamı klubun media nümayəndələri üçün təşkil olunacaq tədbirdə baş tutacaq.
Xatırladaq ki, “Espanyol” bundan əvvəl Manolo Qonsaleslə yollarını ayırmışdı. Mütəxəssis İspaniya kubokunda “Sestao”ya 3:4 hesablı məğlubiyyətdən sonra istefaya göndərilmişdi.
Kataloniya təmsilçisi bu mövsüm La Liqada uğursuz çıxış edir. Komanda 10 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.



