Rafinya: “Karyeramı “Barselona”da başa vurmaq istəyirəm”

Futbol üzrə İspaniya çempionu “Barselona”nın braziliyalı hücumçusu Rafinya karyerasını Kataloniya klubunda başa vurmaq istədiyini açıqlayıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu “Barselona” ilə müqaviləsini 2030-cu ilin iyununa qədər yenilədikdən sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Ulduz futbolçu bildirib ki, əsas məqsədi komanda ilə mümkün olan bütün titulları qazanmaqdır. Braziliyalı futbolçu xüsusilə UEFA Çempionlar Liqasının qalibi olmağı arzuladığını vurğulayıb:

“2030-cu ilə qədər bütün mümkün titulları qazanmaq istəyirəm. Ümid edirəm, burada daha uzun illər keçirəcəyəm. Karyeramı “Barselona”da başa vurmaq mənim üçün çox gözəl olardı”, – deyə hücumçu bildirib.

Braziliyalı futbolçu cari mövsümdə yüksək məhsuldarlığı ilə diqqət çəkir. O, 13 oyunda 19 qol vurub və 3 məhsuldar ötürmə edib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 190 oyun, 94 qol və 62 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 3 dəfə (2022/23, 2024/25, 2025/26) İspaniya La Liqasını qazanıb, 3 dəfə İspaniya Super Kubokunun (2022/23, 2024/25, 2025/26), bir dəfə İspaniya Kubokunun (2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: